Eyni mənzil bir neçə nəfərə satılıb? - Nizami rayonunda MTK qalmaqalı

15 Dekabr 2025 17:25

Nizami rayonunun Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülərək sakinlərə yeni tikiləcək binadan mənzil veriləcəyi vəd edilib. Ancaq bu günə qədər nə tikinti tamamlanıb, nə də sakinlərə söz verilən evlər təqdim olunub.

Milli.Az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, layihəni icra edən "Vesta Construction" MMC prosesi illərdir uzadır.

Təxminən 10 ildir yarımçıq qalan binaya görə köçürülən ailələr hazırda kirayə mənzillərdə yaşamaq məcburiyyətindədir.

Narazılıq doğuran digər məqam isə ondan ibarətdir ki, şirkətin eyni mənzilləri həm köhnə sakinlərə vəd etdiyi, həm də əvvəlcədən ödəniş edən yeni müştərilərə satdığı iddia olunur. Vətəndaşlardan birinin sözlərinə görə, qızı 115 min manat nağd pul ödəyərək aldığı mənzilin sonradan başqa şəxsə də satıldığı məlum olub.

Şikayətçilər məsələ ilə bağlı dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin indiyədək problemin tam həllini tapmadığını bildirirlər.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, problem uzun illərdir mövcuddur. 2016-cı ildə pilot layihə çərçivəsində başlanılan tikinti prosesi üzrə MTK-nın müqavilə öhdəliklərini yerinə yetirməməsi 2018-ci ildən etibarən sakinlərin haqlı narazılığına səbəb olub. Qurumdan bildirilib ki, sakinlər və MTK rəhbərliyinin iştirakı ilə bir neçə dəfə görüş keçirilib, şirkətə müqavilə şərtlərinə əməl olunması ilə bağlı xəbərdarlıqlar edilib. Bu görüşlərin nəticəsində bəzi vətəndaşların problemi həll edilsə də, digərləri ilə bağlı işlər davam etdirilir.

Hazırda məsələ ilə bağlı hüquqi qiymət verilməsi üçün Rayon İcra Hakimiyyətinin müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Asya
Milli.Az