"Qalatasaray" azarkeşləri knyazın bacısı oğluna hücum ediblər

14 Dekabr 2025 22:25

Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri Selman B. və Hasan B. Monako şahzadəsi Stefaniya Mariya Yelizaveta Qrimaldinin oğlu və Monako Knyazı ll Albertin bacısı oğlu Lui Dükreyə hücum ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 9-da UEFA Çempionlar Liqasının "Monako" - "Qalatasaray" (1:0) matçından sonra baş verib.

Parisdə yaşayan ata və oğul matça baxmaq üçün Monakoya gediblər. Oyundan sonra onlar qarşılaşmanın keçirildiyi II Lui stadionunun VIP tribunasında 33 yaşlı Dükreyə və iki dostuna hücum ediblər.

Polis insidentdən sonra türk azarkeşləri saxlayıb. Hakim qarşısına çıxarılan ata və oğula iki ay müddətinə təxirə salınmış həbs cəzası verilib. Onlar həmçinin Dükreyə min avro təzminat ödəməli olacaqlar. Azarkeşlərin üç il ərzində Monakoya girişi də qadağan edilib.

Milli.Az