Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından zəhərləndi - YENİLƏNİB - FOTO

12 Dekabr 2025 19:58

Dəm qazından zəhərlənənlərin hamısı qadındır.

"Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Daxil olanlar arasında səkkiz nəfərdə dəm qazına xas olan əlamətlər müşahidə edilib".

Bu sözləri APA-nın yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova deyib.

Həkim qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilmiş və uzun müddət müşahidə altında saxlanılıb: "Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur".

------------

Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.

Milli.Az xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.

Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az