Mərkəzi Bankdan yayılan 500 manatlıq əsginas xəbərlərinə rəsmi CAVAB

12 Dekabr 2025 14:05

Mərkəzi Bank tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırlanmış nominal dəyərə malik məhdud sayda yubiley, xatirə və investisiya pul nişanları, eləcə də 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun Zəfərinə həsr olunmuş 500 manat nominalında xatirə kağız pul nişanı tədavülə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən nağd pul dövriyyəsinin təşkili məqsədilə müxtəlif nominal strukturlarda kağız və metal pul nişanları tədavülə buraxılıb. Bu məqsədlə Mərkəzi Bank 7 nominalda (1, 5, 10, 20, 50, 100 və 200 manat) kağız pul nişanları və 6 nominalda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları buraxıb. Onlar ödəniş vasitəsi kimi geniş şəkildə tədavüldedir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu nişanlarla bağlı məlumatlar təqdim olunub: cbar.az/moneymarks/banknotes?category=1" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes?category=1

500 manat nominallı pul nişanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

Xatirə banknotunun ön tərəfində "Qarabağ Azərbaycandır!" şüarı, "8 Noyabr Zəfər Günü" ifadəsi, Qarabağın təbii və tarixi abidələri olan Cıdır Düzü, Xudafərin körpüsü, Azərbaycan əsgərinin təsviri, üçrəngli bayraq və Xarıbülbül əks olunub. Arxa tərəfdə isə Molla Pənah Vaqifin məqbərəsi, Əsgəran qalası, Murovdağ və Azərbaycanın xəritəsi təsvir edilib: cbar.az/moneymarks/banknotes/detail/147" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes/detail/147

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bank tərəfindən buraxılmış bütün pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları ölkənin bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələrinin aparılması zamanı qəbul edilməlidir.

500 manatlıq xatirə pul nişanı Azərbaycan ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsi kimi qəbul olunur və tədavüldədir.

Milli.Az