Braziliyanın "Botafogo" klubu Azərbaycanda çıxış edən yarımmüdafiəçi Pedro Bikalyo transferi üçün "Qarabağ"a rəsmi təklif göndərib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu komandanın baş məşqçisi Davide Ançelotti (Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu) Bikalyonu bəyənib və onu komandasında görmək istəyir. Braziliyalılar futbolçunu icarəyə götürməyi planlaşdırıb. Təklifə həmçinin oyunçunun müəyyən performans göstəricilərinə çatacağı halda onu məcburi şəkildə transfer etmə şərti də daxil edilib. Lakin "Qarabağ" bu ilkin təklifi qəbul etməyib.
Mənbə bildirir ki, Bikalyonun satışı ilə bağlı danışıqlara açıqdır, lakin oyunçunun performansından asılı olmayaraq dərhal ödəniş tələb edir. Braziliya klubu isə şərtləri yumşaltmaq istəyir və yaxın günlərdə yeni təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, 24 yaşlı Pedro Bikalyo "Kruzeyro"nun akademiyasından yetişib, peşəkar futbola isə "Palmeiras"da başlayıb. O, Braziliyada "Vitoriya"da da çıxış edib. Daha sonra Portuqaliya klubları "Santa Klara" və "Alverka"nın heyətində oynadıqdan sonra "Qarabağ"a transfer olunub.
Fidan
Milli.Az