Gömrükdəki həbslərin DETALLARI: General və icra başçısının oğlu tutuldu, xalq şairinin oğulu isə İrana qaçdı

12 Dekabr 2025 10:30

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib.

Milli.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.

Həbslərdən sonra isə DGK-nin daha bir əməkdaşı Tahir Tahirinin İrana qaçdığı bildirilir. 

İşin diqqət çəkən tərəflərindən biri isə həbs edilənlərin əksəriyyətinin Azərbaycan ictimaiyyətində kifayət qədər tanınan şəxslərin övladları və ya qohumları olmasıdır.

Həbs edilən Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov  general-leytenant Cəbrayıl Usubovun oğludur. general-leytenant Cəbrayıl Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olub.


Fotoda: Cəbrayıl Usubov

Həbs edilən Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov isə Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.


Fotoda: Rəşad Daşdəmirov

İrana qaçdığı deyilən DGK-nin əməkdaşı Tahir Tahiri isə Xalq şairi Söhrab Tahirin oğludur.


Fotoda: Xalq şairi Söhrab Tahiri və oğlu Tahir Tahiri

Digər bir saxlanılan şəxs isə Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşı İsmayıl Məmmədəliyevin olduğu bildirilir. Yayılan məlumatlara görə isə, o iş adamı İlham Rəhimovun qohumudur.


Fotoda: İlham Rəhimov

Qeyd edək ki, sözügedən şəxslərdən əlavə DGK-nin əməkdaşları Zaur Haşımov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmov barəsində məhkəmənin qərarı ilə qətimkan tədbirləri seçilib.

Mehman Əsədov
Milli.Az