Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edən Kərim Benzema 2026-cı il dünya çempionatında Fransa millisinin heyətinə yenidən qoşula biləcəyini mümkünsüz hesab etmir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli hücumçu bu barədə "L'Equipe" nəşrinə müsahibəsində danışıb:
"Dünya çempionatında oynamaq hər futbolçunun arzusudur. Çağırış olarsa, meydanda olub komandama kömək edərəm. Hədəflərim var, futbolu və qalibiyyəti sevirəm. Kubok qazanmaq hissi mənim üçün ən önəmlisidir. Milli komanda dəvət göndərsə, çıxıb oynayaram, bu qədər", - deyə Benzema bildirib.
37 yaşlı forvard 2007-ci ildən Fransa yığmasının formasını geyinib, ümumilikdə 97 matçda 37 qol vurub. O, 2021-ci ildə komanda ilə Millətlər Liqasının qalibi olmuş, 2022-ci ildə isə Fransanın dünya çempionatının finalında Argentinaya məğlubiyyətindən sonra milli karyerasına son qoymuşdu.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Hüseyn
Milli.Az