"Apple" 150 ölkəyə xəbərdarlıq göndərdi - Məlumatlarınız oğurlanmış ola bilər

11 Dekabr 2025 15:54

"Apple" bütün dünyada "iPhone" istifadəçilərinə yüksək səviyyəli casus proqram hücumları ilə bağlı ciddi xəbərdarlıq göndərib.

Milli.Az xəbər verir ki, şirkət 150 ölkədəki istifadəçilərə təhlükə bildirişi yollayaraq, "iPhone"ların "pullu casus proqramlar" vasitəsilə hədəfə alınma riskinin artdığını bildirib.

Xəbərdarlıq xüsusilə jurnalistlər, iş adamları, fəallar və diplomatlar kimi müəyyən peşə qruplarını əhatə etsə də, "Apple" hər kəsi diqqətli olmağa çağırır.

Mütəxəssislərə görə, bu hücumlar çox vaxt istifadəçi heç bir linkə klik etmədən baş verir. "Sıfır klik" metodundan istifadə edən hakerlər iMessage vasitəsilə göndərilən zərərli şəkillərdən, Safari-dəki boşluqlardan və ya internet saytlarında yerləşdirilən zərərli reklamlardan yararlanırlar.

Bu proqramlar cihazdakı bütün fəaliyyətləri izləyə, mesajları oxuya, kameraya və mikrofona giriş əldə edə bilər.

Apple-ın məlumatına görə, aşağıdakı əlamətlər zərərli fəaliyyətin göstəricisi ola bilər:

iPhone həddindən artıq qızır və ya normadan çox yavaşlayır

Əsas ekranda əvvəllər olmayan naməlum tətbiqlər peyda olur

Tətbiqlərdə səbəbsiz xətalar və sistem qəzaları baş verir

Apple-dan təhlükəsizlik tövsiyələri

iOS sisteminizi ən son versiyaya yeniləyin

İki faktorlu autentifikasiyanı aktivləşdirin

App Store-dan kənar mənbələrdən tətbiq yükləməyin

Şübhəli linklərə və əlavə fayllara klikləməyin

Milli.Az