"Qarabağ"ın oyununa 20 dəqiqədən çox gecikməyin - buraxılmaya bilərsiniz

11 Dekabr 2025 13:20

Xəbər verdiyimiz kimi, "Qarabağ" Bakıda  "Ayaks"la qarşılaşması zamanı bir qrup azarkeş gecikdiyinə görə stadiona daxil ola bilməyib. 

Milli.Az-a bu barədə açıqlama verən "Qarabağ" klubunun Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev məsləyə aydınlıq gətirib:

"Bu, beynəlxalq qayda hesab olunur. Bütün matçlarda tətbiq olunur. Oyunlar aşladıqdan 20 dəqiqə sonra stadiona daxil olmaq məhdudlaşdırılır. Təhlükəsizlik tədbirləri ilə bağlıdır. Dünya təcrübəsində var. Bu barədə rəsmi sosial şəbəkə hesablarımızda da məlumat paylaşılaraq azarkeşlərə xəbərdarlıq edilmişdi. Ancaq buna baxmayaraq, gecikən azarkeşlər müraciət etdikdə mümkün qədər kömək etməyə çalışırıq".

Klubun həmin paylaşmının mətnini təqdim edirik:

Azarkeşlərimizin diqqətinə!

Dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq.

Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.
Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.
Vaxtında gəl - dəstəyini tribunadan göstər!

--------

11:46

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində "Qarabağ" Bakıda Niderlandın "Ayaks" klubu ilə qarşılaşıb.

Milli.Az-ın məlumatına görə, matçda bir neçə azarkeş problemlə üzləşib.

Belə ki, bir qrup azarkeş əllərində 100 manat dəyərində bileti olmasına baxmayaraq, stadiona girişlərinə icazə verilməyib. Buna səbəb isə onların matça 15 dəqiq gecikməsi olub.

Yaşanan hal azarkeşlər arasında böyük narazılıq doğurub. Onlar stadion önündən görüntü çəkərək, paylaşımla etiraz ediblər. 

Onu da qeyd edək ki, dünyada nüfuzlu futbol turnirlərində qarşılaşmalar başladıqdan 15 dəqiqə sonra azarkeşlər üçün stadionun qapıları bağlanır.

Milli.Az