"Aşıqlar Birliyi"nin üzvü aşıq Avdı efirdə səsləndirilən bəzi saz ifalarına kəskin etiraz edib və Ceyhun Sazmenə sərt ismarıc göndərib.
Milli.Az-ın məlumatına görə, o, bildirib ki, "dingili havaların" səsləndirilməsi və qarşısında rəqs edilməsinin sənət adına yaraşmadığını düşünür və belə səhnələrin televiziyalarda nümayiş olunmasına qadağa qoyulmalı olduğunu vurğulayıb.
Aşıq Avdı qeyd edib ki, sənətin layiqincə qorunması üçün hər kəs məsuliyyət daşıyır:
"Biz sənətimizi qoruyuruq, amma tək əldən səs çıxmaz. Bu məsələlərə Məhərrəm müəllim müdaxilə etməlidir, axı o bizim ağsaqqalımızdır".
O, efirdə hər gün kimisə tənqid etməyin də doğru olmadığını, bunun narazılıq yaradacağını bildirib:
"Nəyinsə xətrinə sənəti qurban vermək olmaz. Saz ifaçılarının çoxu "Aşıqlar Birliyi"nin üzvü deyil. Bu cür musiqiləri ifa edib qarşılarında rəqs etdirirlər. Verilişlərdə onlara qadağa qoyulmalıdır".
Aşıq Avdı əlavə edib ki, məsələyə müdaxilə etmək səlahiyyəti məhduddur və buna görə də tənqidlərinin bəzən yanlış anlaşılmasından ehtiyat edir:
"Çox danışsam, deyəcəklər camaatı bezdirdim. Bunun qarşısını mən ala bilmərəm".
Açıqlama sosial şəbəkələrdə geniş müzakirə doğurub.
Milli.Az