Qadın sürücülərlə bağlı stereotipləri hələ tamamən adlamamış ictimaiyyətdə diqqət yenə avtobus sükanı arxasına keçən qadınlara yönəldi. Belə ki, sosial şəbəkələrdə "BakuBus"ın qadın sürücüsü ilə bağlı video yayılıb. Xanım sürücünün yüksək səslə mahnı dinləməsi izləyicilərin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, "BakuBus"ın MMC-dən verilən məlumata görə, sözügedən görüntülərin sürücünün fəaliyyətinə hər hansı bir aidiyyəti yoxdur.
"Yayılan görüntülərə dair bildiririk ki, qeyd olunan video sərnişin tərəfindən çəkilmiş, daha sonra üzərinə musiqi əlavə edilmişdir.
Məlumat üçün bildiririk ki, "BakuBus" MMC-nin istismarında olan bütün avtobuslarda təhlükəsizlik tələblərinə uyğun olaraq radio və musiqi sistemləri deaktiv edilib. Eyni zamanda, avtobusun idarə edilməsi zamanı mobil telefondan istifadə daxili intizam qaydalarına ziddir və bu hal aşkarlandıqda sürücü barəsində müvafiq intizam tədbirləri tətbiq olunur".
Məlumatda həmçinin qeyd olunur ki, qadın sürücülər 24 noyabrdan etibarən fəaliyyətə başlayıb və onların ictimai nəqliyyatda fəaliyyəti cəmiyyətdə təqdirlə yanaşı maraq da doğurur. Bu səbəbdən tez-tez sərnişinlər tərəfindən videoya çəkilmələri müşahidə olunur.
"Sərnişinlərdən xahiş edirik ki, avtobus hərəkətdə olarkən sürücünü videoçəkiliş etməklə diqqətini yayındırmasınlar. Bu, həm sərnişin təhlükəsizliyi, həm də nəqliyyat vasitəsinin idarə edilməsinə dair tələblərin yerinə yetirilməsi baxımından vacib hesab olunur".(Bizim.Media)
Milli.Az