Yuri Vernidub "Neftçi"də nə qədər maaş alacaq? - FOTO

9 Dekabr 2025 16:43

"Neftçi"nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Milli.Az xəbər verir ki, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Klub Verniduba altı aylıq müqavilə təklif etsə də, məşqçi bu təkliflə razılaşmayıb.

KİV-in məlumatına görə, onun maaşı ayda, təxminən, 50 min dollar olacaq. Bu da onu yerli çempionatda ən çox maaş alan məşqçilərdən birinə çevirir.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində "Metallurq" (Zaporojye), "Zarya", "Krivbass", Belarusda "Şaxtyor" (Soliqorsk), Moldovada "Şerif" klublarında çalışıb.

Təcrübəli məşqçi müxtəlif illərdə "Zarya" və "Krivbass" ilə Ukrayna çempionatının bürünc mükafatçısı, "Şerif"lə 2 dəfə Moldova çempionu olub.

"Şerif"i UEFA Çempionlar Liqasının, "Zarya"nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, "Krivbass"ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, Vernidub komandası ilə birlikdə artıq Bakıya gəlib. Ötən gün keçirilən "Sabah" - "Neftçi" (2:0) qarşılaşmasını da izləyib.

Milli.Az