"Mars" "Pringles"i aldı

9 Dekabr 2025 15:40

"Mars" şirkətinin "Pringles" istehsalçısı "Kellanova"nı 36 milyard dollara alması rəsmən təsdiqlənib.

Milli.Az xəbər verir ki, Avropa Komissiyası alış barədə aparılan araşdırmadan sonra qərara gəlib ki, bu birləşmə rəqabətə mənfi təsir göstərmir və istehlakçılar üçün risk yaratmır.

Hazırkı qərarla Mars qlobal portfelini daha da genişləndirir və Pringles, Pop-Tarts və Kellogg's məhsullarını öz brendlərinə əlavə edir.

Komissiya hər iki şirkətin bəzi Avropa ölkələrində güclü bazar payı olduğunu təsdiqləyib. Araşdırmada birləşmənin müəyyən marketinq üstünlükləri yarada biləcəyi bildirilib. Amma məhsulların uzun raf ömrü və alıcıların markalara bağlılığının aşağı olması səbəbindən Marsın bazardakı gücünün əhəmiyyətli şəkildə artmayacağı qeyd olunub.

Mars-Kellanova birləşməsi ABŞ Federal Ticarət Komissiyasından da iyunda təsdiq almışdı. Mars əvvəlcə 2026-cı ilin sonuna qədər Avropa İttifaqında 1 milyard avro yatırım etməyi planlaşdırdığını açıqlamışdı. Bu investisiyanın istehsal gücünü artıracağı və dayanıqlığı gücləndirəcəyi bildirilib.

Həm Avropa, həm də ABŞ təsdiqlərindən sonra proses tamamlanıb. Birləşmənin qida və qəlyanaltı sektorunda yaxın illərdə rəqabəti necə dəyişdirəcəyi diqqətlə izlənəcək.

İsmayıl
Milli.Az