Bakıdakı bu tıxacın səbəbi müzakirə yaratdı - VİDEO

9 Dekabr 2025 14:06

Dünən paytaxtın Yasamal rayonunda bir neçə küçə və prospektdə hərəkətin iflic olmasına səbəb olan tıxacın yaranma səbəbinin görüntüləri yayılıb.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, görüntülərdən tıxacın Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində bir neçə sürücünün ucbatından yarandığı məlum olur.

Belə ki, sürücülərdən bəziləri avtomobili daim hərəkət üçün açıq olmalı olan kəsişmədə saxlayaraq hərəkəti kilidləyiblər.

Bu səbəbdən sözügedən küçələrlə yanaşı, Mətbuat prospekti, Abdulvahab Salamzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Tbilisi prospekti, eləcə də digər ətraf yollarda böyük tıxac yaranıb.

Sosial şəbəkədəki videoya şərh bildirən şəxslər tıxaca səbəb olan sürücüləri qınayıb və kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu şəraitdə oraya daxil olmağın yolverilməzliyini vurğulayıblar.

Qeyd edək ki, artıq bir neçə aydır paytaxt ərazisində bəzi yol kəsişmələrində bu kimi halların qarşısını almaq üçün "sarı tor" işarələnməsi həyata keçirilir. Kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu halda oraya daxil olaraq digər nəqliyyat vasitələrinin hərəkətini bloklayan avtomobillər inzibati məsuliyyət daşıyır və cərimələnirlər.

Milli.Az