Bakıxanov qəsəbəsində evdə partlayışda xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

9 Dekabr 2025 16:49

16:49

Bu gün saat 10:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

"Ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", deyə məlumatda qeyd olunub.

***

Bakıxanov qəsəbəsində evdə baş verən partlayışda xəsarət alanlardan biri ölüb.

Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

"Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

11:06

Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.

Hadisənin qazsızmadan baş verdiyi bildirilir. Dağıntılar altında qalanların olduğu deyilir.

Milli.Az