İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən futbolda mərc iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan futbolçular, klub rəhbərləri və hakimlərin də aralarında olduğu 39 şübhəli tibbi müayinədən sonra məhkəməyə göndərilib.
Milli.Az xəbər verir ki, 4 nəfərin istintaq sənədləri ortaya çıxıb.
Fənərbağça klubunun kapitanı olan futbolçu Mert Hakan Yandaşın şübhəli Ersen Dikmen ilə 04.12.2021 - 26.10.2025 tarixləri arasında ümumilikdə 4 milyon 453 min 62 TL məbləğində pul transferi həyata keçirdiyi müəyyən edilib.
Dikmen Yandaşdan aldığı pulları qısa müddətdə qanuni mərc saytlarına köçürüb.
Dikmenin Yandaşa 2 milyon 60 min 74 TL geri göndərdiyi aşkarlanıb.
Yandaşın cihazlarında aparılan rəqəmsal araşdırma zamanı Fənərbağça matçları da daxil olmaqla bir çox oyuna aid mərc kuponlarının görüntüləri tapılıb.
Qalatasaray futbolçusu Metehan Baltacı haqqında istintaq yazısında bunlar yer alıb:
Rəsmi "Nesine" mərc platformasına üzvdür.
Qalatasarayda oynadığı dövrdə 27 oyuna mərc qoyub.
2021-ci ilə aid mesajlarında "Vevobahis" adlı qanunsuz mərc saytına aid kupon şəkli tapılıb.
2024-cü ildə Eyüpspor-da oynadığı zaman "Ufuk" adlı şəxsə "Urfa Eyüp KG" (hər iki komanda qol vurur) tipli kupon məsləhəti verdiyi aşkarlanıb.
"Tipo90", "Totobo", "Holiganbet" kimi qanunsuz saytlarına istifadəçi adı və şifrə ilə giriş etdiyi müəyyən edilib.
İstintaqa görə Baltacı şəxsi qazanc məqsədi ilə mərc oynayaraq oyunların nəticələrinə təsir edə biləcək davranışlarda olub.
Adana Demirsporun keçmiş rəhbəri Murat Sancak barəsində hazırlanan MASAK hesabatında bunlar qeyd edilir:
2017-ci ildən bu yana öz hesabları arasında olan əməliyyatlar xaric, ümumilikdə
1.157 əməliyyatda 1 milyard 226 milyon TL daxilolma
8.799 əməliyyatda 1 milyard 197 milyon TL çıxış
qeydə alınıb.
Özünün və ortaqları olduğu şirkətlərin Adana Demirspor qurumları ilə çox yüksək məbləğli maliyyə tranzaksiyaları var.
Qanunsuz mərc fəaliyyəti ilə əlaqəsi şübhə doğuran şəxslərlə çox sayda pul transferi aşkar edilib.
Mənşəyi bilinməyən böyük məbləğdə nağd pul əməliyyatları mövcuddur.
Barəsində axtarış olan Metin Korkmaz ilə də yüksək məbləğdəı pul köçürmələri qeydə alınıb.
Antalyaspor A.Ş.-nin keçmiş ikinci başqanı olan Emrah Çelik barədə:
Açıq mənbələrdə onun rəhbərlik etdiyi dövrdə Antalyaspor matçlarına mərc etdiyi haqqında məlumatların olduğu göstərilir.
2019-2024-cü illər arasında Antalyaspor oyunlarına dair çox sayda qanuni mərc əməliyyatı aşkarlanıb.
İstintaq davam edir.
Lalə Qüdrətova
Milli.Az