Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA), Ukraynanın Çernobil Nüvə Stansiyasında radioaktiv sızıntının qarşısını almaq üçün inşa edilən nəhəng polad konstruksiyanın fevral ayında həyata keçirilən dron hücumu nəticəsində zədələndiyini və artıq əsas təhlükəsizlik funksiyasını itirdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, agentliyin məlumatına görə, "Yeni Qoruyucu Qalxan" adlanan bu polad qurğunun xarici örtüyündə yanğın baş verib və konstruksiya radioaktiv materialların yayılmasının qarşısını əvvəlki kimi effektiv şəkildə ala bilmir. UAEA bildirir ki, stansiyada nüvə təhlükəsizliyinin tam bərpası üçün genişmiqyaslı təmir və bərpa işlərinə ciddi ehtiyac var.
UAEA-nın açıqlamasında qeyd olunur ki, müfəttişlər keçən həftə obyekt üzərində dəyərləndirmələri tamamlayıb. Strukturda məhdud miqyaslı müvəqqəti təmir aparılsa da, bu işlər uzunmüddətli təhlükəsizlik üçün kifayət deyil. Damdakı zədələrin genişləndiyi, bu səbəbdən daha ciddi bərpa işlərinə ehtiyac yarandığı vurğulanıb.
Hesabatda həmçinin bildirilib ki, Ukraynadakı Zaporojye Nüvə Elektrik Stansiyası müharibə başlayandan bəri 11-ci dəfə olaraq bütün xarici enerji təchizatını müvəqqəti olaraq itirib. Yarım saat davam edən enerji kəsintisindən sonra stansiya 330 kV-luq xəttə yenidən qoşulsa da, əsas 750 kV-luq xətt hələ də sıradan çıxmış vəziyyətdədir.
Qrossi qeyd edib ki, bölgədə gecə boyunca davam edən hərbi fəaliyyət elektrik şəbəkəsinə təsir göstərib və ölkədə fəaliyyət göstərən digər nüvə stansiyalarının da istehsalı azaltmasına səbəb olub. O, nüvə qəzası riskinin artmaması üçün tərəfləri maksimum ehtiyatlı olmağa çağırıb.
Ukrayna rəsmiləri dron hücumu ilə bağlı məsuliyyətin Rusiya daşıdığını iddia edib. Rusiya isə bu iddiaları rədd edir. UAEA fevral ayında verdiyi açıqlamada radiasiya səviyyələrinin sabit olduğunu və hər hansı sızıntı qeydə alınmadığını bildirmişdi.
Lalə Qüdrətova
Milli.Az