1998-ci ildən bəri yollarda olan Fordun ikonik modeli Fokus artıq rəsmi olaraq tarixə qovuşub. Almaniyanın Saarlouis zavodunda istehsal olunan son Fokus modeli noyabrın əvvəlində xəttdən düşüb və bu an zavod əməkdaşlarının alqışları ilə müşayiət edilib. Ford öz rəsmi saytında məlumatı yeniləyərək modelin istehsalının dayandırıldığını təsdiq edib.
Milli.Az xəbər verir ki, uzun illər sedan və hetçbek versiyaları ilə geniş istifadə olunan Fokus münasib qiymətə ailə avtomobili kimi məşhurlaşmış, texnologiyaya uyğunlaşdırılmış modellərindən biri olmuşdu.
Fokus istehsalının dayandırılması Ford-un avtomobil portfelində ciddi boşluq yaradıb. Şirkət son illər diqqətini tamamilə elektrikli nəqliyyat vasitələrinin istehsalına yönəldib və bu istiqamətdə böyük investisiyalar planlaşdırır. Bununla belə, bəzi elektrikli model layihələrinin qısa ömürlü olması və yeni EV layihələrində gecikmələr, şirkətin gələcəyi ilə bağlı suallar yaradır.
Fordun CEO-su Cim Farli açıqlamasında Fokus, Fiesta və Mondeo kimi ənənəvi modellərin şirkətə lazımi sərmayə gəliri təmin etmədiyini bildirdi. Onun sözlərinə görə, ticari avtomobillər Ford üçün daha gəlirli olub.
Fokusun ən güclü satış dövrü ABŞ bazarında 2000-2004-cü illərdə yaşanıb və bu illərdə model ildə 200 minədək satılıb. 2012-ci ildə yenidən yüksəlişə keçsə də, bu uğur uzun çəkməyib. 2017-ci ildən etibarən satışlar düşərək 158 minə enib və Fokus bir il sonra ABŞ bazarından tamamilə çıxarılıb.
Fokusun istehsaldan çıxması ilə Fordun ənənəvi avtomobil seqmentində boşluq yaransa da, şirkət elektrikli nəqliyyat vasitələrinin inkişafına daha çox sərmayə qoyur. Ranger EV kimi qısaömürlü sınaqlara baxmayaraq, Ford bu sahədə məqsədlərini genişləndirir.
Şirkət əməliyyatlarını yenidən qurmaq üçün 5 milyard dollarlıq investisiya proqramına başlayıb və 2025-ci ilin avqustunda daha sərfəli qiymətli elektrikli avtomobillər hazırlamaq niyyətini açıqlayıb. Məqsəd mövcud EV-lərin yüksək qiymətinə alternativ yaratmaqdır.
Hərçənd Ford Tennessi ştatında planlaşdırılan EV və batareya istehsal kompleksinin tikintisini müvəqqəti dayandırıb, digər layihələr - o cümlədən Miçiqanda batareya zavodunun inşası - davam edir. Bu zavod F-150 Lightning və Mustang Mach-E kimi uğurlu EV modellərinin istehsalını dəstəkləyəcək.
Lalə Qüdrətova
Milli.Az