"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilməsi ilə bağlı məlumat yayıb.
Qurumdan Milli.Az-a bildirilib ki, QSC Naxçıvan MR-də dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və sözügedən tikinti işlərinə start verilib.
Qeyd edilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir.
"Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
2025-ci il avqustun 8-də Vaşinqtonda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.
Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək", - məlumatda vurğulanıb.
Milli.Az