"Mercedes" əyləcsiz maşın istehsalına hazırlaşır

6 Dekabr 2025 16:18

Gələcək elektrokarlarda arxa əyləclər olmaya bilər.

Milli.Az xəbər verir ki, "Mercedes-Benz" şirkəti arxa oxda əyləc sistemlərini ləğv etmək imkanlarını araşdırır.

Bu, şirkətin törəmə firması "Yasa" tərəfindən hazırlanmış motor-təkərlər sayəsində mümkün olacaq.

Məlumata görə, motor-təkərlərin rekuperasiya (enerji bərpa) imkanları o qədər yüksəkdir ki, arxa əyləc mexanizmlərindən tamamilə imtina etmək mümkün olacaq. Bu texnologiya həmçinin kardana oxları və digər transmissiya hissələrinə olan ehtiyacı aradan qaldırır.

Yasa şirkəti hesab edir ki, motor-təkərlərin inteqrasiyası sayəsində avtomobilin çəkisi 200-500 kiloqram azalacaq, kompakt quruluş əlavə yer təmin edəcək və aerodinamika üzrə dizaynerlər üçün daha çox sərbəstlik yaradacaq.

Bu yenilik gələcəkdə elektrik avtomobillərinin yüngül, kompakt və enerjiyə qənaətcil olmasına imkan verəcək.

İsmayıl
Milli.Az