Azərbaycanda iqtisadi artım 2029-cu ilə kimi 2% civarında olacaq.
Milli.Az xəbər verir ki, "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb.
Agentliyin qiymətləndirməsinə görə, ölkənin real iqtisadi artımı yaxın iki ildə əvvəlki dövrlərlə müqayisədə daha zəif olacaq.
2024-cü ildə 4,1% olan real iqtisadi artımın 2025-ci il üzrə 1,8%-ə, 2026-cı ildə isə 1,7%-ə enəcəyi, artımın 2027-ci ildə 2,0%-ə, 2028-ci ildə isə 2,1%-ə qədər tədricən yüksələcəyi gözlənilir.
"S&P" bunu neft sektorunun iqtisadiyyata töhfəsinin getdikcə azalması ilə izah edir: "2025-ci ilin ilk 10 ayında neft hasilatı 4,6% azalaraq gündəlik təxminən 556 min barrel səviyyəsinə düşüb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 27 min barrel azalma deməkdir. Təbii qaz hasilatı 1,7% artaraq neft ekvivalenti ilə gündə təxminən 849 min barrel olub( cəmi 14 min barrel ekvivalent artım).
Bu isə göstərir ki, qaz hasilatındakı mülayim artım neft hasilatındakı daha kəskin azalmanı kompensasiya etmir. Nəticə etibarilə, ümumi karbohidrogen fəaliyyəti mənfi zonada qalır. Bu tendensiyaların davam edəcəyi gözlənilir. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataq kompleksinin istismarı davam etdikcə, 2026-cı ildə neft hasilatının bir qədər də azalması ehtimal olunur.
Xarici operatorların əlavə sərmayələri azalma tempini zəiflətməkdədir, lakin prosesi tam dayandırmır. Qaz hasilatının isə orta müddətli pik səviyyəsinə yaxın olduğu və onilliyin sonuna qədər əlavə həcmlərin məhdud olacağı üçün, ümumilikdə sabit qalacağı proqnozlaşdırılır".
Qeyd edilib ki, neft sektorunun artıma töhfəsi zəifləsə də, iqtisadiyyatda diversifikasiya tədricən irəliləyir. Bu səbəbdən S&P real ÜDM artımının 2026-cı ildə təxminən 1,7%, növbəti bir neçə ildə isə nisbətən zəif olacağını gözləyir.
"Uzun müddətdə Abşeron yatağının növbəti mərhələsi, AÇG-nin dərin qaz layihəsi, eləcə də Ümid, Babək və Qarabağ yataqlarının işlənməsi kimi bir neçə upstream layihə qaz hasilatını dəstəkləyə bilər, lakin onların hamısı hələ ilkin planlaşdırma mərhələsindədir və reallaşması illər tələb edəcək"- reytinq agentliyi həmçinin əlavə edib. /"APA-Economics"
Milli.Az