"Hava soyuqdur, üşüyürəm, çöldə yaşamaq çətindir" - VİDEO

6 Dekabr 2025 00:09

Bakı sakini Şahin Quliyev yaşadığı evdən çıxarılıb. Onun övladı da var, lakin aylardır kimsəsiz şəkildə küçələrdə gecələyir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində qalan 50 yaşlı Şahin Quliyevin sözlərinə görə, bir neçə ay əvvəl fəhlə kimi çalışdığı yerdə qabırğası qırılıb.

Xəsarət aldığından əmək qabiliyyətini itirib, kirayə pulunu ödəyə bilməyib və yaşadığı evdən çıxarılıb. Qalmağa evi, üz tutmağa kimsəsi olmadığına görə o, küçədə yaşamağa məcbur olub.

Şahin Quliyev deyir ki, bir qız övladı var. Lakin onunla iki aya yaxındır ki, əlaqə saxlamır. Yaşadığı məhəllənin sakinləri ona isti yemək, geyim veriblər.

"Hava soyuqdur, üşüyürəm, çöldə yaşamaq çətindir"- deyən Şahin Quliyev sığınacağa yerləşdirilməsini istəyir.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, qurumun əməkdaşları prosesə cəlb olunublar. Şahin Quliyev əvvəlcə müayinə olunması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdiriləcək. Eyni zamanda onun sosial xidmətə ehtiyacı qiymətləndiriləcək. Proses bitdikdən sonra isə onun dövlət qayğısı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az