Dəri təmizliyində ən çox edilən səhvlər

6 Dekabr 2025 00:47

Dəri təmizliyi gözəllik rutinlərinin ən əsas addımı olsa da, ən çox səhvin edildiyi mərhələdir. Çünki bir çox insan üçün "daha çox təmizləmək = daha yaxşı nəticə" kimi yanlış bir düşüncə formalaşıb. Halbuki dəri, özünün təbii balansına, pH səviyyəsinə və mikroflorasına malik canlı bir orqandır. Bu balans pozulduqda isə, hansı məhsul istifadə olunursa olunsun, dəri sağlam görünüş əldə edə bilmir.

Milli.Az dəri təmizliyi ilə bağlı ən çox edilən səhvləri təqdim edir:

Dərinin "çırpılmış" kimi gərgin hiss edilənə qədər yuyulması

Bu hiss bəzən "tam təmizlik" kimi qəbul edilir, amma əslində dərinin onu qoruyan təbii yağ qatının tamamilə yox olması deməkdir. Bu lipid təbəqə dərinin nəmini qoruyan və onu xarici təsirlərdən müdafiə edən əsas baryerdir. Bu qat zədələndikdə dəri quruyur, dartılır, həssaslaşır və uzun müddətdə erkən yaşlanma sürətlənir. Təmizlik hissi deyil, rahatlıq hissi əsas olmalıdır - dəri həm təmiz, həm də yumşaq və nəmli qalmalıdır.

Səhər və axşam eyni məhsullardan istifadə etmək

Dərinin bioloji ritmi var: səhər özünü qorumağa, axşam isə bərpa etməyə yönəlir. Buna görə də gündüz və gecə təmizliyi eyni olmamalıdır.

Səhər: Yüngül, pH balanslı gel kifayətdir.

Axşam: İdeal üsul iki mərhələli təmizlikdir - əvvəlcə yağ əsaslı təmizləyici ilə makiyaj və günəş qoruyucu qalıqları aradan qaldırılır, sonra su əsaslı təmizləyici ilə dəri tam təmizlənir.

Bu üsul aktiv maddələrin dəriyə daha yaxşı nüfuz etməsinə də kömək edir.

Pilinqin düzgün olmayan tezlikdə tətbiqi

Pilinq ölü hüceyrələri təmizləyərək hüceyrə yenilənməsini dəstəkləyir, lakin həddindən artıq istifadə dərinin müdafiə sistemini zəiflədir.

Yağlı dəri: həftədə 2 dəfə

Quru və həssas dəri: həftədə 1 dəfə kifayətdir

Pilinq baxım deyil, soyma prosesidir. Həddindən artıq tətbiq dərini incəldir və ləkə riskini artırır.

Üzü isti su ilə yumaq

İsti su dərinin lipid baryerini zədələyir və nəmini azaldır. Xüsusilə həssas və rozaseyə meyilli dəri üçün qızartı və yanma hissini artırır.

Ən düzgün üsul: ilıq su ilə qısa müddətlik yuma və dərini dəsmalla sürtmədən, yüngül şəkildə qurulamaq.

Təmizləyicini dəri üzərində uzun müddət saxlamaq

Təmizləyicilər dərini müalicə etmək üçün deyil, sadəcə kir və qalıqları aradan qaldırmaq üçün hazırlanıb. Onları maska kimi saxlamaq qıcıqlanmaya yol aça bilər.

Məhsulun dəri ilə 20-30 saniyə təması kifayətdir. Təmizləmə sonrası dərhal nəmləndirici tətbiq edilməlidir.

Pilinqdən həddindən artıq istifadə

Xüsusilə kimyəvi pilinqlər dərini qısa müddətdə hamar göstərsə də, uzun müddətdə qoruyucu baryeri zəiflədir. Bu da dərini UV şüalarına daha həssas edir. Hər pilinq sonrası güclü nəmləndirmə və ən az SPF 30 qoruyucu şərtdir.

Hər kəsə eyni dəri baxımını tətbiq etmək

Hər dəri tipi fərqlidir. Eyni məhsul birində möhtəşəm nəticə verə, digərində qıcıqlanmaya səbəb ola bilər.

Dəri analizi edilmədən standart təmizlik qaydaları hər kəsə uyğun olmur. Dəri mövsümə, stressə və qidalanmaya görə dəyişkən reaksiya verir.

Sterilizasiya qaydalarına əməl etməmək

Peşəkar baxımda istifadə olunan cihazların steril olması çox vacibdir. Steril olmayan alətlər infeksiyaya səbəb ola bilər. Ev şəraitində də makiyaj fırçaları, dəsmallar və cihazlar mütəmadi dezinfeksiya olunmalıdır.

Aktiv maddələrin səhv kombinasiyası

Retinol, AHA, BHA, C vitamini və niasinamid kimi maddələr düzgün istifadə olunmadıqda ciddi qıcıqlanmaya səbəb ola bilər.

Retinol + AHA/BHA birlikdə istifadə edilməməlidir

C vitamini səhər tək istifadə edilməlidir

Niasinamid güclü turşularla qarışdırılmamalıdır

Dəri bir kimya laboratoriyası deyil - sadə rutinlər daha yaxşı nəticə verir.

Baxımdan dərhal sonra makiyaj etmək

Baxımdan sonra dəri daha keçirgəndir və makiyajın məsamələri tıxaması daha asan olur. Mümkünsə dəriyə ən az 12 saatlıq istirahət verilməlidir.

Lalə Qüdrətova
Milli.Az