Ağ paltarlar zaman keçdikcə bozara, sarala və əvvəlki parlaqlığını itirə bilər. Çoxları bu problemi həll etmək üçün kəskin qoxulu və parçalara zərər verə bilən yuyucu toza müraciət edir. Lakin həm sağlamlığı, həm də parçanı qoruyan, üstəlik daha ekoloji olan təbii üsullarla da mükəmməl nəticə əldə etmək mümkündür. Evdə olan sadə məhsullarla ağ paltarlarınızı yenidən qar kimi parlaq hala gətirə bilərsiniz.
Milli.Az xəbər verir ki, təbii təmizlikdə ən çox istifadə olunan vasitələrdən biri olan ağ sirkə, paltarların üzərində toplanan mineral qalıqları və deterjan izlərini aradan qaldırmaqda çox təsirlidir. Bir litr ilıq suya bir çay stəkanı ağ sirkə əlavə edərək hazırladığınız məhlulda bozarmış və saralmış paltarları bir gecə islatmaq kifayətdir. Sirkənin turşulu quruluşu kiri parçalayır və kumaşın rəngini canlandırır. Ertəsi gün paltarları adi deterjanla yumaqla mükəmməl nəticə əldə olunur. Sirkə həm də parçanı yumşaldır və pis qoxuları aradan qaldırır.
Limonun tərkibindəki sitrik turşu güclü təbii ağardıcı təsirə malikdir. Bir qədər təzə limon suyunu yuma suyuna əlavə edərək və ya birbaşa maşının yuyucu toz gözünə tökərək yuma prosesinə başlaya bilərsiniz. Bu üsulun ən vacib hissəsi isə yuma sonrası gəlir: limonla yuyulan ağ paltarları mütləq günəş altında qurudun. Günəşin UV şüaları limon suyunun ağardıcı təsirini gücləndirir, saralmış və ya bozarmış ləkələri təbii şəkildə açaraq paltarların qar kimi ağ görünməsini təmin edir.
Təbii təmizliyin ən faydalı məhsullarından biri olan soda yuyucu tozun təsirini artıraraq paltarların daha yaxşı təmizlənməsini təmin edir. Soda suyun sərtliyini azaldır və parça liflərinə hopmuş kirin daha asan çıxmasına kömək edir. Hər yuma zamanı yuyucu toza yarım çay stəkanı soda əlavə etmək və ya birbaşa maşının içinə tökmək, ağ paltarların uzun müddət bozarmasının qarşısını alır. Bununla yanaşı, soda maşın içindəki qalıqları da təmizləyərək daha gigiyenik yuma mühiti yaradır.
Təbii vasitələrlə həm sağlamlığınızı qoruyub, həm də ağ paltarlarınızı ilk günkü kimi parlaq saxlamaq mümkündür.
Lalə Qüdrətova
Milli.Az