Dünyanın ən çox adaya sahib ölkəsi bəlli oldu: 267 min ədəddir

5 Dekabr 2025 21:49

"Adalar" deyəndə çoxlarının gözündə ağ qumlar və tropik mənzərələr canlansa da, adalar yalnız isti bölgələrlə məhdudlaşmır. Qütblərdən göllərə qədər dünyanın hər yerində müxtəlif ölçülü adalar mövcuddur. Son araşdırma isə ən çox adaya malik ölkənin gözlənilənin əksinə, şimalın soyuq sularında yerləşdiyini ortaya çıxarıb.

Milli.Az xəbər verir ki, dünyada ən çox adaya sahib ölkələrin ilk 10-luğu açıqlanıb və siyahının lideri İsveç olub.

1. İsveç - 267 min ada

Şimali Avropada yerləşən İsveçin daxili sularında və sahillərində 267 mindən çox ada mövcuddur. Onların böyük əksəriyyəti tənhadır. Yalnız Stokholm arxipelaqında minlərlə ada və kiçik adacıq var. Ölkədə az sayda yaşayış olan ada olsa da, adaların çoxu turizm, təbiət qorunması və istirahət məqsədləri üçün istifadə edilir.

2. Norveç - 239 min 57 ada

Norveç əsasən dərin fiyortları əhatə edən qayalı sahilləri boyunca 239 mindən çox adaya sahibdir. Adaların bir hissəsində kiçik balıqçı icmaları yaşayır. Açıq dənizdəki adalar isə həm yaşayış olan bölgələri, həm də tamamilə vəhşi təbiətli ıssız qayalıqları əhatə edir.

3. Finlandiya - 179 min 854 ada

Siyahının üçüncü pilləsində Finlandiya qərarlaşıb. Ölkədəki adaların çoxu daxili göllərdə yerləşir. Baltik dənizi sahillərindəki adalar həm mədəni, həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır. Adaların yalnız çox kiçik bir hissəsində yaşayış var.

4. Kanada - 52 min 455 ada

Kanadada 50 mindən çox ada mövcuddur. Onların arasında dünyanın ən böyük adalarından biri olan Baffin adası da var. Arktik bölgədə yerləşən bir çox adaya yalnız ilin müəyyən aylarında çatmaq mümkündür. Mütəxəssislər iqlim dəyişikliyi səbəbindən gələcəkdə bəzi adaların tam yox ola biləcəyini bildirirlər.

5. İndonezya - 17 min 500 ada

İndonezya tamamilə bir arxipelaqdan ibarətdir. Sumatra, Cava, Kalimantan və Bali ən tanınmış böyük adalardır. Ölkənin adalarında həm sıx məskunlaşmış ərazilər, həm də ıssız tropik adacıq və sahillər mövcuddur.

6. Yaponiya - 14 min 125 ada

Yeni xəritələşdirmə işləri nəticəsində Yaponiyanın ada sayı iki dəfə artaraq 14 minin üzərinə çıxıb. Əsas adalar - Honşu, Hokkaydo, Kyuşu və Sikosu xaricində minlərlə kiçik ada mövcuddur.

7. ABŞ - 18 min 617 ada

ABŞ-də Alaska sahillərindəki Aleut adalarından Hawaii-yə, Böyük Göllərdən Karibdəki Puerto Riko və ABŞ Vircin adalarına qədər müxtəlif iqlim və quruluşa sahib minlərlə ada var.

8. Avstraliya - 8 min 222 ada

Avstraliya materik ölkə olsa da, Tazmanya, Christmas adası, Kokos adaları və digər bölgələr ölkənin ada sayını artırır. Ümumilikdə 8 mindən çox ada mövcuddur.

9. Filippin - 7 min 640 ada

Filippin 7 mindən çox adadan ibarət arxipelaqdır. Əhalinin böyük hissəsi Luzon və Mindanao kimi iri adalarda yaşayır. Kiçik adalar isə daha çox turizm, balıqçılıq və kənd təsərrüfatı üçün istifadə edilir.

10. Böyük Britaniya - 6 mindən çox ada

Birləşmiş Krallığa bağlı minlərlə sahil adası və dənizaşırı ərazi var. Eroziya və dəniz səviyyəsindəki dəyişikliklərə görə adaların sayı zamanla dəyişə bilir.

Dünyadakı ada sayının bu qədər çox olması Yer kürəsinin coğrafi müxtəlifliyinin və təbii proseslərin nə qədər zəngin olduğunu bir daha sübut edir. Adalar həm iqlim, həm mədəniyyət, həm turizm, həm də yaşayış baxımından ölkələrin həyatında mühüm rol oynayır.

Lalə Qüdrətova
Milli.Az