Bakıda kafedə partlayış olub, yaralılar var - YENİLƏNİB - VİDEO - FOTO

5 Dekabr 2025 18:25

Bu gün saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Milli.Az-a cavab olaraq TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub", - məlumatda bildirilib.

----------
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verib.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində aparılan yoxlamada ümumi sahəsi 40 kvadratmetr olan kafe tipli obyektdə partlayışın ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində baş verdiyi müəyyən edilib.

Partlayış kafeyə ziyan vurub və kafenin 3 işçisi xəsarət alıb. FHN əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az