İmtahan suallarında var, ancaq Bakıda yoxdur - Tıxaca çarə...

5 Dekabr 2025 15:00

Sürücülük vəsiqəsi imtahanında iki mövzu var ki, hazırda həmin qaydalar Bakı yollarında tətbiq olunmur. Biri tramvay, digəri isə reversiv zolaqlardır. Bakıda iki istiqamət üzrə tramvay zolaqlarının çəkilməsi planda var. Bu işlərin 2027-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

Bəs reversiv zolaq nə üçündür?

Reversiv zolaq yol hərəkətində tıxacın qarşısını almaq və yol imkanlarından daha səmərəli istifadə etmək üçün yaradılıb. Onun əsas məqsədi odur ki, eyni zolaq müəyyən vaxtlarda bir istiqamətdə, digər vaxtlarda isə əks istiqamətdə hərəkət üçün istifadə olunsun.

Sadə desək, səhər saatlarında tıxacın çox olduğu istiqamətə, axşam saatlarında isə əks istiqamətə açılır. Bu, şəhər yollarında trafiki daha rahat və təhlükəsiz edir.

Aydın məsələdir ki, Bakıda bütün yolları 6-7 zollaqlı etmək mümkün deyil. Bəzi yerlərdə bu imkanı yaratmaq üçün milyonlarla pul xərclənməli, yüzlərlə insan yaşayış yerini dəyişməlidir. Belə olan halda, reversiv zolaqların çəkilməsi tıxaclara çarə kimi alternativ variant olaraq üzə çıxır.

Reversiv zolaq böyük şəhərlərdə səhər və axşam saatlarında yaranan sıxlıq problemlərinin həllində mühüm rol oynayır. Zolaqların idarə olunması üçün vizual işarələr və ya işıq siqnalları istifadə olunur. Zolağın üzərində yerləşdirilən yaşıl ox həmin istiqamətdə hərəkətin mümkün olduğunu göstərir. Qırmızı X işarəsi isə həmin zolaqda hərəkətin qadağan edildiyini bildirir. Bu siqnallar sürücülərə zolağın cari vəziyyətini dərhal anlamağa imkan verir.

Reversiv zolaqların istifadəsi trafikin daha səmərəli idarə olunmasına kömək edir. Səhər saatlarında tıxacın daha çox olduğu istiqamətə zolaq açıq olur, axşam saatlarında isə əks istiqamətə hərəkət üçün istifadə olunur. Bu, yol infrastrukturu imkanlarından maksimum istifadə etməyə və tıxacları azaltmağa imkan yaradır.

Reversiv zolaqdan düzgün istifadə olunmaması ciddi təhlükələrə səbəb ola bilər. Əks istiqamətdə hərəkət edən sürücülər qəzaya səbəb ola bilər və yol hərəkəti qaydalarını pozduqları üçün cərimə edilə bilərlər. Bu səbəbdən sürücülər vizual işarələrə diqqət etməli və zolağın açıq olduğu istiqamətdə hərəkət etməlidirlər.

İsmayıl
Milli.Az