Əsgərin ölümünə görə komandiri həbs edildi

4 Dekabr 2025 18:10

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynovun intihar etməsi ilə bağlı komandiri həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi Hərbi Prokurorluğun protesti əsasında belə qərar çıxarıb.

Yuxarı instansiya Cəlilabad Hərbi Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi ilə bağlı qərarı pozub. Tabelikdə olan hərbi qulluqçulara qarşı zorakı hərəkətlər etməkdə (CM-nin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri) təqsirləndirilən kapitan Mahmud Səfaralıyev məhkəmə zalında həbs edilib.

Zabitə verilmiş ittiham gələckdə sübuta yetirilərsə onu 3 ildən 8 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, əsgər Hüseyn Hüseynovun komandiri tərəfindən çoxsaylı təhqir və zorakılığa məruz qaldığı üçün noyabrın 15-də intihar etdiyi iddia olunur. Kapitan Səfaralıyevin başqa əsgərlərə qarşı da qanunsuzluqlara yol verdiyi üçün vəzifəsindən azad edildiyi bildirilib.

Kapitan sonuncu hadisə ilə bağlı prokurorluq tərəfindən tutulsa da Cəlilabad Hərbi Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilməyini əsas gətirərək onu sərbəst buraxmışdı.

Milli.Az