Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib, vəzifəli şəxs qismində 2 min 500 manat məbləğində cərimə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, Bərdə rayonu ərazisində yerləşən tullantı poliqonunda tullantıların yandırılması ilə bağlı mediadan daxil olan şikayət əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb.
İdarənin rəisi Oqtay Şahmurov bildirib ki, yanğın məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib.
Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə "Ekoloji tələb" verilib.
Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub.
Milli.Az