Bakıda nəqliyyatın hərəkət axınına əks istiqamətdə gedən sürücü həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər Kənar Dairəvi yolda lentə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü yolun əks istiqaməti ilə hərəkət edərək digər avtomobillərin sürücülərinə çətin anlar yaşadıb.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, görüntüdəki hadisə ilə bağlı araşdırma aparılıb:
"Avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi pozan, daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq digər hərəkət iştirakçılarına real təhlükə yaradan sürücü təhlükəsizlik tədbirləri qorunmaqla yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü Tahir Tehran oğlu Əliyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmə tərəfindən sürücü barəsində 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərarı verilib. Sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər. Özlərinin və başqalarının həyatına təhlükə yaratmasınlar. Bu kimi hallar müəyyən edilərsə, tərəfimizdən ən kəsərli tədbirlər görüləcək".
Milli.Az