Qəhvə yuxunu qısaldır, amma...

4 Dekabr 2025 16:46

Müntəzəm qəhvə qəbulu yuxunun ümumi müddətini azaltsa da, onun dərinliyini artıraraq bərpaedici təsirini gücləndirə bilər.

Milli.Az xəbər verir ki, Sürix Universitetinin alimləri bu qənaətə yeni araşdırmaları əsasında gəliblər. 

Tədqiqatın müəllifləri bildirirlər ki, qəhvə beynin yuxu çatışmazlığını kompensasiya etmək qabiliyyətini işə salır. Yuxu bir qədər qısa olsa da, ən dərin fazalar güclənir.

Kofein dünyada ən geniş yayılmış psixostimulyatordur. Avropa sakinləri gündə orta hesabla 86-263 milliqram kofein qəbul edirlər ki, bu da bir-üç fincan qəhvəyə uyğundur.

Araşdırma iki böyük məlumat bazası əsasında aparılıb. UK Biobank 485 min insanın kofein istehlakı vərdişləri barədə məlumatları, İsveçrənin HypnoLaus bazası isə 1702 iştirakçı üzrə gecə polisomnoqrafiyası nəticələrini ehtiva edib. Bu ölçmələr həm yuxunun davametmə müddətini, həm də beynin elektrik aktivliyini qiymətləndirməyə imkan verir.

İştirakçılar gündəlik qəhvə qəbuluna görə iki qrupa bölünüblər: orta istehlakçılar (gündə üç və daha az içki) və yüksək istehlakçılar (dörd və daha çox). Tədqiqatçılar nəticələrin dəqiqliyini artırmaq üçün mendelvari randomizasiya və sosial-demoqrafik göstəricilər üzrə statistik uyğunlaşdırma metodlarından istifadə ediblər.

Məlum olub ki, gündə dörd və daha çox fincan qəhvə içənlər gecə təxminən 11-13 dəqiqə daha az yatırlar. Lakin EEG (beyin dalğaları) qeydləri delta diapazonunda güclənmiş aktivlik göstərib ki, məhz bu yavaş dalğalar ən dərin və ən bərpaedici yuxu fazasını formalaşdırır. Müəlliflərin sözlərinə görə, bu, beynin yuxu çatışmazlığını onun intensivliyini artırmaqla kompensasiya edə bildiyini göstərir.

Tədqiqatçılar bildirirlər ki, yuxunun qısalması hər kəs üçün arzuolunan olmasa da, qəhvənin bərpaedici yuxu fazalarına təsiri əvvəl düşünüldüyündən daha mürəkkəb ola bilər.

Mina Mikayılova
Milli.Az