Bu gün Beynəlxalq qucaqlaşma günüdür.
Milli.Az xəbər verir ki, 4 dekabr - Beynəlxalq qucaqlaşma günü münasibətilə rusiyalılara tez-tez qucaqlaşmağı tövsiyə ediblər.
Nevroloq Yekaterina Demyanovskaya bildirib ki, qucaqlaşma həm psixoloji, həm də fiziki sağlamlığa birbaşa təsir göstərir.
Mütəxəssis izah edib ki, qucaqlaşma zamanı oksitosin hormonu ifraz olunur. Bu hormon qorxu və narahatlığı azaldır, emosional bağlılığı gücləndirir, həmçinin təbii ağrıkəsici funksiyası ilə fiziki ağrını yüngülləşdirir. Qucaqlama həmçinin kortizol səviyyəsini tənzimləyir, kortizol stresi artıran hormon olduğundan onun azaldılması immuniteti gücləndirir, arterial təzyiqi sabit saxlayır və kognitiv funksiyaları yaxşılaşdırır.
Demyanovskaya qeyd edib ki, toxunuşlar dəridəki reseptorları stimullaşdırır, bu isə vagus sinirini aktivləşdirərək ürək ritmini yavaşladır və sinir sistemini sakitləşdirir. Qucaqlama həmçinin serotonin və dopamin səviyyəsini artırır, bu isə əhval-ruhiyyəni yüksəldir və emosional sabitliyi təmin edir.
Tədqiqatlar göstərir ki, gündə 7-10 dəfə yaxınlarla qucaqlaşan insanların əhvalı və enerjisi 2 həftə ərzində əhəmiyyətli dərəcədə yaxşılaşır.
Həkim vurğulayıb ki, qucaqlaşma ciddi psixi problemləri müalicə etmir, amma gündəlik stressin qarşısını almaq və emosional sağlamlığı qorumaq üçün sadə və effektiv üsuldur. Bu, həm də sözsüz dəstək, sevgi və empatiyanı ifadə etməyin təbii yoludur.
İsmayıl
Milli.Az