Uşaq evinin sakinləri Akademik Musiqili Teatrın qonağı olub - FOTOlar

4 Dekabr 2025 12:09

Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun məşhur "Yatmış gözəl" nağılının motivləri əsasında rejissor Anar Babalının səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar" tamaşası oynanılıb.

Milli.Az xəbər verir ki, balaca teatrsevərlərin hər zaman böyük maraqla izlədiyi tamaşanın budəfəki qonaqları arasında həssas əhali qruplarından olan uşaq evinin sakinləri də olub.

Onlar rəngarəng səhnə tərtibatlı, əyləncə dolu səhnə əsərini böyük maraqla qarşılayıb və xoş təəssüratını bildiriblər.

Uşaq evinin loqopedi Tahirə Məmmədova müəssisənin rəhbərliyi və uşaqlar adından Musiqili Teatrın kollektivinə təşəkkür edib. O, xoşbəxt sonluqla bitən bu nağıl-tamaşanın uşaqların dünyagörüşünə, əhval-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayıb.

Qeyd edək ki, belə görüşlər Musiqili Teatrın növbəti sosial layihələrindən biridir və davamlı şəkildə həyata keçiriləcək.

Milli.Az