Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını yandırıb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb.
33 yaşlı Məlik Abbasov (ad və soyad şərtidir) gecə saatlarında sərxoş halda qonşusunun həyətindəki ot tayalarını görərək, onları yandırıb. Nəticədə qonşusuna 9985 manat ziyan vurub. Məlik Abbasov hadisədən 2 saat sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmək - yandırmaq, partlatmaq və ya başqa ümumi təhlükəli üsulla törədilib ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən Məlik Abbasov ifadəsində bildirib ki, atası ilə dalaşdığı üçün qayınatasının evində qalır. Hadisə olan gün evlərinə qonaq gəlib:
"Qeyri-rəsmi evliyəm və 1 aydır qayınatamın Qəhrəmanlı kəndindəki evində qalıram. Hadisə olan günü evimizə qonaq gəlmişdi. Qayınatamla birgə 3 nəfərə 700 qram tut arağı içdik. Araqdan əvvəl, 7 bakal pivə içmişdim. Gecə qayınatamla birlikdə qonağı yola salanda kəndin ortasınadək getdik. Qayınatam evə qayıtdı, mən də bir azdan gələcəyimi dedim. Oba marketdən 1 ədəd də pivə alıb içdim. Yolda gələndə qonşunun həyətindəki ot tayalarını görüb yandırmaq istədim. Siqaret çəkdiyim üçün daim üzərimdə alışqan olurdu. Dəmir çəpərdən atlayıb həyətə girdim və tayalara od vurdum. Bir az ərazidən aralandım, camaat yığılanda mən də yanğın yerinə getdim. Tayalara nə qədər su töksələr də, söndürmək mümkün olmadı. Heç kimə hadisəni mənim törətdiyimi demədim".
Məlik Abbasov dəyən ziyanı birdəfəlik ödəməyə imkanı olmadığını, yalnız hissə-hissə ödəyə biləcəyini bildirib. O, həmçinin əməlindən peşman olduğunu deyərək, məhkəmədən ona rəhm edilməsini istəyib.
Onun arvadı isə ifadəsində ərinin son vaxtlar psixologiyasının pozulduğunu, telefonda özünü ölü adı ilə paylaşdığını qeyd edib.
Zərərçəkən şəxs isə təqsirləndirilən şəxsin yanğın zamanı qadınların arasında dayandığını görüb və ondan şübhələndiyini dilə gətirib. Onun sözlərinə görə, əvvəllər baytar işləyib və kənddə hamı ona hörmət edirmiş. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyir.
Bərdə rayon Məhkəməsinin qərarı ilə Məlik Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(Lent.az)
Milli.Az