Sahib Paşazadə və Kamran Kərimov Pakistanın Kəraçi şəhərində Dünya Mədəniyyət Festivalında çıxış ediblər - FOTO

3 Dekabr 2025 18:10

Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-nin solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalında "Ulduzların iştirakı ilə təntənəli konsert" də iştirak ediblər (Mega Music Concert).

Pakistanın məşhur sənətçilərinin də qatıldığı böyük konsert proqramı 29 noyabr tarixində gerçəkləşib. Konsertin təntənəli açılışı azərbaycanlı musiqiçilərin çıxışı ilə başlanıb. Yüksək səviyyədə təşkil edilən festivalda Sahib Paşazadə və Kamran Kərimovun ifaları, Azərbaycan muğamı, musiqi alətlərimiz böyük sevgi və maraqla qarşılanıb.

Sənətkarların ifasında "Heyratı" zərb muğamı və kompozisiyası, "Bayatı Şiraz" üzərində muğamlar və rəqslərdən ibarət kompozisiya, Pakistan milli musiqisindən ibarət proqram təqdim olunub. Böyük konsert layihədə Pakistanın tanınmış ifaçıları Faris Şəfi, Miişa Şəfi, Gizri, Darabu çıxış ediblər. Konsertdə tamaşaçı izdihamı müşahidə edilib. Çoxsaylı tamaşaçılar azərbaycanlı musiqiçilərin çıxışlarını sürəkli alqışlarla qarşılayıblar. 

Qeyd edək ki, festivalın rəsmi internet səhifələrində azərbaycanlı musiqiçilərin çıxışları əhatəli təbliğ edilib.