İmran Xanın həbsxanada öldürülməsi ilə bağlı iddialar təkzib edilib.
Milli.Az xəbər verir ki, Pakistanın sabiq baş naziri İmran Xan hazırda həbsdə olmasına baxmayaraq sağlam vəziyyətdədir. Bu açıqlamanı Xanla həbsxanada görüşən bacısı Uzma Xan verib. O bildirib ki, 73 yaşlı siyasətçi uzun müddətdir ki, tək saxlanılır və bu, onun üçün psixoloji gərginlik yaradır.
Uzma Xan jurnalistlərə deyib: "Onu gördüm, sağlamdır. Lakin tək saxlanması onu çox əsəbiləşdirir. Öz sözləri ilə desək, bu, fiziki zülmdən də ağırdır".
Xanın sözçüsü Zulfiquar Buxari bildirib ki, yalnız bir bacısı qısa görüşə icazə alıb. O, həbsxanadakı məhdudiyyətləri "psixoloji işgəncə" adlandırıb.
Sabiq baş nazir 2022-ci ilin aprelində etimadsızlıq səsverməsi ilə vəzifəsindən kənarlaşdırılıb. Partiyası parlamentdə müxalifətdədir və seçki nəticələrinin saxtalaşdırıldığını iddia edir, lakin hökumət bu ittihamları rədd edir.
Xan bir neçə cinayət üzrə məhkum edilib və eyni vaxtda bir neçə cəzanı çəkir.
Qeyd edək ki, İmran Xan 2023-cü ildən etibarən korrupsiya və digər ittihamlar üzrə həbsdədir. Həbsxanada onun həyat yoldaşı Buşra Bibi də cəza çəkir, lakin onlar yalnız məhkəmə proseslərində görüşə bilirlər.
İsmayıl
Milli.Az