"Apple" kiçik ekranlı dizaynı ilə öz dövründə böyük populyarlıq qazanmış "iPhone SE" modelini rəsmi olaraq "köhnəlmiş cihazlar" kateqoriyasına daxil edib.
Milli.Az xəbər verir ki, bu qərar cihazın artıq dünya üzrə "Apple" mağazalarında aparat təminatı xidməti və texniki dəstək almayacağı anlamına gəlir.
Beləliklə, "iPhone SE "(1st gen) üçün rəsmi təmir və ehtiyat hissələri təminatı dayandırılıb.
"Apple"ın mövcud qaydalarına əsasən, şirkət tərəfindən satışdan çıxarılan məhsullar yeddi il keçdikdən sonra "köhnəlmiş" statusuna keçirilir və rəsmi dəstək tamamilə dayandırılır.
Birinci nəsil "iPhone SE"nin istehsalı 2018-ci ilin sentyabrında dayandırılmışdı. Artıq yeddi illik müddət tamamlandığı üçün model avtomatik olaraq "köhnəlmiş cihazlar" siyahısına əlavə olunub.
4 düymlük kompakt ölçüsü və yüksək performansa görə uzun illər istifadəçilər arasında sevilən "iPhone SE" bununla rəsmi dəstək dövrünü başa vurmuş oldu.
Milli.Az