Keçən həftə Ukraynanın Qara dənizdə Rusiyaya məxsus tankerlərə zərbə endirməsi bölgədə gərginliyi yenidən yüksəldib. Müharibədə barış perspektivlərinin müzakirə olunduğu bir dövrdə baş verən bu hücumlar, qarşıdurmanın tezliklə bitməyəcəyinə dair siqnallar kimi qiymətləndirilir.
Milli.Az xəbər verir ki, hadisədən bir neçə gün sonra Putin yeni açıqlama verərək həm Ukraynanı, həm də Avropanı hədələyib. O, vurğulayıb: "Ukraynanın obyektlərinə və gəmilərinə qarşı hücumlarımızı gücləndirəcəyik. Ukraynaya yardım edən ölkələrin tankerlərinə qarşı addımlar atacağıq."
Putin çıxışında Avropaya da mesaj göndərib: "Əgər Avropa döyüşmək istəyirsə, biz buna tam hazırıq."
28 noyabrda Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, VIRAT adlı tanker Qara dənizdə təxminən 35 dəniz mili məsafədə zərbə alıb. Hadisə yerinə xilasetmə qrupları və yaxınlıqdakı kommersiya gəmiləri yönləndirilib.
Nazir Abdulkadir Uraloğlu bildirib ki, tanker gəmisindəki 20 nəfərlik heyətin vəziyyəti yaxşıdır.
30 noyabr tarixli açıqlamada isə gəminin çəkilmə əməliyyatının davam etdiyi və Türkeli Limanına aparılmasının planlaşdırıldığı qeyd olunub.
Daha sonra tanker xüsusi şirkətə məxsus yedək gəmisi ilə hadisə yerindən çıxarılaraq dünən Qara dənizin Sarıyer açıq sularına gətirilib.
Lalə Qüdrətova
Milli.Az