Rəşad Sadıqov: "Çalışırdıq ki, "Neftçi" ilə oyun penaltilərə getməsin"

2 Dekabr 2025 23:32

"Zirə" "Neftçi" ilə oyunda mübarizənin penaltilər seriyasına qədər uzanmasını istəməyib.

Milli.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

"Püşkdən sonra bu mərhələdə ən maraqla gözlənilən oyun idi. Hər iki komanda gözləntilərin qarşılığını verdi. Maraqlı oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Matçdan həzz alırdım. Çox yaxşı komplektləşmiş rəqibə qarşı oynayırdıq. Futbolçularımız inamlı mübarizə apardılar. 75-80 dəqiqə bərabər səviyyədə oyun getdi, ondan sonra üstünlük bizdə idi. Çalışırdıq ki, oyun penaltilərə getməsin. Şükürlər olsun ki, əlavə vaxtda önəmli qol vurduq. Rəhbərliyi, azarkeşləri, futbolçuları təbrik edirəm. Ailə olaraq qələbə qazandıq".

Qeyd edək ki, "Zirə" "Neftçi" üzərində 1:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.

Milli.Az