“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”

2 Dekabr 2025 19:39

Almaniya millisinin sabiq futbolçusu və Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Mesut Özil partiyanın Konqres Mərkəzində keçirilən "Kitabxana söhbətləri" layihəsinin qonağı olub.

Milli.Az xəbər verir ki, Özil Almaniyada doğulub boya-başa çatdığını xatırladıb və ailə dəyərlərinin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb:

"Biz qürbətdə bir yerdə yaşadığımız üçün ailə bağlarımızı qorumuşuq, bir-birimizə sevgi və hörmətlə yanaşmışıq."

"Telefonumda nömrəsi olan ən məşhur adam Prezidentimiz Rəcəb Tayyib Ərdoğandır. Çünki qalanı yalandır", - deyə o, söyləyib.

Erkən yaşda ailə qurmağın həyatındakı çətinliklərdən çıxardığı ən böyük dərs olduğunu deyən Özil ailə və ata olmağın əhəmiyyəti haqqında danışıb.

Özil gənc yaşlarından Almaniyada türk kafelərində Süper Liqa oyunlarını izlədiyini bildirib. Futbol idolunun isə Zinedin Zidan olduğunu deyib: "Zidanı çox bəyənirdim. Çox rahat oynayırdı, top itirmirdi. Özümə deyirdim ki, bir gün mən də belə oynayım."

Peşəkar karyerası dövründə Türkiyə millisində çıxış etməməsi ilə bağlı ilk dəfə danışan Özil bunları deyib: "Bu mövzuda çox adam danışıb. Olan oldu. Allah nəsib etdi, Almaniya ilə Dünya Kubokunu qazandım. Amma bəzən düşünürəm ki, Türkiyə millisində oynasaydım nə olardı? Zamanı geri qaytarmaq olmur."

Qarşıdurma yaratmaq istəmədiyini bildirən Özil sözlərinə belə davam edib: "Futbol karyeram bitib, dava-dalaş etmək niyyətim yoxdur."

Baş məşqçi olaraq futbola dönmək planı olub-olmadığı sualına isə belə cavab verib:

"Hazırda nə futbola, nə də peşəkar həyata qayıtmaq kimi bir məqsədim var. MKYK üzvlüyündən böyük zövq alıram. İstanbulda bir layihəm var, tikintisi başlayıb. Gənclər üçün futbol akademiyası qururam. Məqsədim 11-18 yaş arası uşaqları yetişdirib dünyanın böyük səhnələrinə çıxarmaqdır."

Lalə Qüdrətova
Milli.Az