Naringi qış mövsümünün ən çox istehlak olunan və faydalı meyvələrindən hesab olunur.
Milli.Az xəbər verir ki, biologiya elmləri doktoru Vera Kodentsovanın sözlərinə görə, cəmi üç naringi insanın gün ərzində qəbul etməli olduğu bütün C vitamini ehtiyacını ödəyə bilər.
Mütəxəssisin sözlərinə görə, 100 qram naringidə təxminən 38 milliqram C vitamini mövcuddur ki, bu da gündəlik tələbatın 30 faizinə bərabərdir. Beləliklə, üç orta ölçülü naringi immun sisteminin möhkəmlənməsi üçün kifayət edir.
Naringinin faydası təkcə C vitamini ilə məhdudlaşmır. Onun tərkibində güclü antioksidant təsirə malik flavonoidlər var. Bu maddələr bədəni oksidləşmə stresindən qoruyur, damarların iltihabını azaldır, xolesterin səviyyəsini normallaşdırır və ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Flavonoidlər xüsusilə naringinin qabığının altındakı ağ hissədə və qabığın özündə daha çox olur.
Naringi həmçinin kalium, maqnezium və həzm üçün vacib olan liflə də zəngindir.
Lakin ekspert xəbərdarlıq edir: naringi bəzi insanlarda allergiyaya səbəb ola bilər. Mədə turşuluğu yüksək olanlar, mədə xorası və ya bağırsaq iltihabı yaşayan şəxslər bu meyvəni ehtiyatla istehlak etməlidirlər.
Milli.Az