Kürdəmirdə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elşən Abdulov barəsində məhkəmə araşdırması yekunlaşıb.
Milli.Az xəbər verir ki, oxu az-ın əldə etdiyi məlumata əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun barəsində hökm çıxarıb və Abdulov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarında qeyd olunur ki, hadisə Şilyan kəndində qeydə alınıb. Elşən Abdulov 2009-cu ildə ailə həyatı qurub və cütlüyün üç övladı dünyaya gəlib. 2022-ci ildən etibarən ailədə gərginlik yaranıb. Abdulov həyat yoldaşının başqa şəxslərlə telefon əlaqəsi saxladığını görərək bu davranışın dayandırılmasını tələb edib.
Buna baxmayaraq, qadının həmin şəxslərlə yenə ünsiyyət qurduğu bildirilib. 2023-cü ilin yayında isə o, ailəsini tərk edib və Elsevər adlı bir kişi ilə birlikdə Bakıya gedib. Ailəsi bununla bağlı polisə müraciət edib və qadının yeri müəyyənləşdirildikdən sonra Elşən onu evə qaytarıb.
Lakin ailədaxili narazılıqlar davam edib. İttihama görə, 2025-ci ilin iyununda baş verən son mübahisə zamanı Elşən həyat yoldaşına qarşı ölümcül zorakılıq törədib. Hadisədən sonra o, polisə gedərək baş verənləri etiraf edib.
Məhkəmədə zərərçəkmiş tərəfin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Milli.Az