Trendyol Super Liqanın 14-cü həftəsində Fənərbaxça - Qalatasaray derbisi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalatasarayın qolunu Leroy Sane, Fənərbaxçanın bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Con Duran vurub.
Milli.Az xəbər verir ki, İstanbulun Çobani Stadionunda keçirilən qarşılaşma gərgin mübarizəyə səhnə olsa da, tərəflər meydandan bir xalla ayrılıb.
23-cü dəqiqədə ilk təhlükəli epizod yaşanıb. İlkay Gündoğanın sağ cinahdan cərimə meydançasına göndərdiyi ötürmədə Osimhenin baş zərbəsi qapıdan az fərqlə yan keçib.
27-ci dəqiqədə Qalatasaray oyunda üstünlüyü ələ alıb. Sane orta sahədə topu ələ keçirərək rəqib qapısına doğru irəlilədi, ardıcıl olaraq Alvarez və Skriniarı keçdi və cərimə meydançasının önündən güclü zərbə endirdi. Top Oosterwolde-yə dəyərək istiqamətini dəyişdi və qapıçı Edersonu çaşdıraraq tora daxil oldu: 0:1.
41-ci dəqiqədə Fənərbaxça hesabı bərabərləşdirməyə yaxın oldu. Semedonun sağdan ötürməsi sonrası top Asensionun önünə düşdü, lakin onun zərbəsi qapıdan kənara çıxdı.
44-cü dəqiqədə kornerdən sonra cərimə meydançasında yaranan qarışıqlıqda top En-Nesyriyə düşdü və onun zərbəsi nəticəsində top Alvarezə toxunaraq qapıdan keçdi. Lakin VAR araşdırmasından sonra hakem Yasin Kol epizodda Skriniarın topa əllə toxunduğunu bildirərək qolu etibarsız saydı.
57-ci dəqiqədə Asensionun kornerindən sonra Oosterwolde başla zərbə endirsə də, top qapının üstündən keçdi.
Uzatma dəqiqələrində Fənərbaxça böyük təzyiq qurdu və nəhayət nəticə əldə etdi. 90+5-də Levent Mercanın sol cinahdan göndərdiyi ötürmədə Jhon Duran başla dəqiq zərbə vuraraq topu qapıya göndərdi: 1:1.
Görüşün qalan dəqiqələrində hesab dəyişmədi və böyük derbi 1:1-lik bərabərliklə bitdi. Bu nəticə ilə Fənərbaxçanın xalının sayı 32-yə, Qalatasarayın isə 33-ə yüksəldi.
Növbəti turda Fənərbaxça səfərdə RAMS Başakşehirlə, Qalatasaray isə evdə Samsunsporla qarşılaşacaq.
Lalə Qüdrətova
Milli.Az