Qarşıdan Yeni il bayramı gəlir. Bu bayramın əsas simvollarından biri isə şam ağacıdır. Paytaxtda müxtəlif qiymət aralığında şam ağaclarına rast gəlmək mümkündür.
Bəs qiymətlər necədir?
Milli.Az xəbər verir ki, bayrama yaxın şam ağaclarının qiymətləri daha da artır. Sadə şam ağaclarının qiyməti 50 manatdan 3000 manata qədər dəyişir. Bu isə kifayət qədər yüksək məbləğdir. Buna görə də bir çox insanlar alış-verişi ya təxirə salır, ya da ümumiyyətlə almamağa üstünlük verirlər.
Satıcıların sözlərinə görə, qiymətlər hər il artmaqda davam edir.
Marketoloq Sərvan Aslanov bildirir ki, bayram atributlarının qiyməti Yeni il ərəfəsində süni şəkildə qaldırılır:
"Buna səbəb müddətin qısa olması və həmin dövrdə tələbin kəskin şəkildə artmasıdır. Bəzi sahibkarlar isə bu fürsətdən sui-istifadə edərək qiymətləri əsasız şəkildə yüksəldirlər".
Məlum olduğu kimi, şam ağacı oyuncaqlarının əksəriyyəti Çin və digər ölkələrdən idxal olunur. Bu səbəbdən problem yalnız qiymətlərlə məhdudlaşmır - aşağı keyfiyyətli materiallardan hazırlanan oyuncaqların sağlamlığa təsiri də narahatlıq doğurur.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, alıcılar mütləq sertifikatlı məhsullara üstünlük verməlidirlər:
"Hər bir məhsulun təhlükəsizlik və mənşə sertifikatı olmalıdır. Sertifikatda məhsulun saxlanma qaydası, istifadə təlimatı və tərkibi göstərilir".
Qeyd edək ki, Yeni il alış-verişində həm cibimizi, həm də sağlamlığımızı qorumaq üçün mənşəyi məlum və sertifikatlı məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Aysel Əkbər
Milli.Az