Paytaxtda hündür mərtəbəli yaşayış binalarında baş verən yanğınlar və bədbəxt hadisələr insanların diqqətini həyət evinə yönəltdi. Bundan başqa şəhərin mərkəzində söküntü işlərinin genişlənməsi həyət evlərinin qiymətində canlanma yaradıb.
Bəs həyət evləri bahalaşacaq?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Bakı ətrafında olan fərdi yaşayış məntəqələrinin çıxarışı yoxdur. Buna görə də onların qiyməti əlverişli olsa da, vətəndaşlara bir sıra problemlər yarada bilər:
"Çıxarışı olmayan yaşayış evi ipoteka predmetinə çevrilə bilmir, sığorta alına bilmir, mənzil sahibləri öz əmlaklarında qeydiyyata düşə bilmirlər. Qeydiyyatla bağlı problemlə üzləşən vətəndaşlar öz əmlaklarını satışa çıxarırlar. Bu da satış qiymətlərinin stabilləşməsinə, bəzi yerlərdə ucuzlaşmasına səbəb olacaq. Amma bölgələrdəki evlərin qiymətin artırıb".
Rieltor Vəfadar Axundovun sözlərinə görə, hazırda evlər kvadrata görə satılır:
"Evlərin kvadratı 2500 manatdan 3000 manata qədər dəyişir. Masazır, Sulutəpə kimi yerlərdə evlər daha ucuzdur. Təxmini 55 min civarıdır. Turistlik ərazidə kirayə evlərin qiyməti gündəlik 50 manatdan 600 manata qədərdir".
Ekspertlər bildirirlər ki, əmlak bazarında qiymətlərin formalaşması həm yaşayış tələbatı, həm də regiona yönələn turistlərlə bağlıdır.
Aysel Əkbər
Milli.Az