Tbilisi küçələri yenidən doldu: Zurabişvili etirazçılara müraciət etdi

28 Noyabr 2025 23:17

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirilən minlərlə nəfərin qatıldığı etiraz aksiyasında iştirak edib.

Milli.Az xəbər verir ki, Zurabişvili çıxışında bildirib:

"İllərdir davam edən isterik repressiyalara baxmayaraq, bu qədər insan yenə meydandadır, yenə ayaqdadır, yenə də ümidlə gələcəyə baxır. Bu, ən böyük qələbədir."

Müxalifət "Milli Hərəkat" Partiyasının lideri Tina Bokuçava bildirib ki, düz bir il əvvəl Gürcüstan hakimiyyəti ölkənin Avropa gələcəyinin olmadığını açıq şəkildə bəyan etdi və Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesini, gürcü xalqının tarixi seçimindən irəli gələn prosesi dayandırdı.

QHT-lərin sözlərinə görə, bu addımlar Gürcüstanın beynəlxalq təcridinə, eləcə də ölkənin Aİ və ABŞ-la münasibətlərinin pisləşməsinə səbəb olub. Onlar bildirir ki, hakimiyyət hər gün Qərb tərəfdaşlarına hücum edir.

Parlamentin spikeri Şalva Papuaşvili isə deyib ki, cəmiyyətin müxalifət yönlü hissəsinin etirazlarının heç bir əsası yoxdur və sadəcə "kaprizdir".

O, qeyd edib: "Etirazlar 26 oktyabr 2024-cü ildən davam edir və sadə bir kaprizdən qaynaqlanır: azlıq çoxluğa hakim olmalıdır, Gürcüstana xaricdən idarəçilik gətirilməlidir və hakimiyyətdə Gürcüstanın maraqlarını qoruyanlar deyil, başqaları dayanmalıdır."

Papuaşvili əlavə edib ki, 26 iyun 2024-cü ildə Brüssel Gürcüstandakı seçkilərə təsir etmək üçün Gürcüstan hökuməti ilə Aİ-yə üzvlük məsələləri üzrə dialoqu birtərəfli qaydada dayandırıb və bu, Gürcüstan hakimiyyətinin qərarı olmayıb.

O qeyd edib: "2024-cü ilin iyununda dayandırılan bir proses 2024-cü ilin noyabrında dayandırıla bilməzdi."

Sonda Papuaşvili vurğulayıb ki, Tbilisi: "Brüsselin Avropa bürokratiyası qarşısında dilənçilik etməyəcək."

Lalə Qüdrətova
Milli.Az