Noyabrın 28 -də Azərbaycan Respublikasının Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.
Milli.Az xəbər verir ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində - Azərbaycanın Qəbələ şəhərində keçirilib.
Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd ediblər.
Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində, müəyyən etmək barədə razılığa gəliblər.
Milli.Az