Sentyabrın 27-dən gəmidə itkin düşmüş 33 yaşlı həkim Tural Sultanov hələ də tapılmayıb.
Milli.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya danışan Turalın əmisi qızı Ağanisə Sultanova bildirib ki, artıq sadəcə onun nəşinin tapılmasını gözləyirlər.
"Peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Amma onun olduğu gəmidən quruya qədər 160 km-lik məsafə olub. Tam dənizin ortası! Biz mütəxəssislərdən də soruşduq, soyuq, dalğalı sularda bu qədər məsafəni üzə-üzə qət edə bilməzdi. Peşəkar üzgüçü üçün belə bu, qeyri-mümkündür. Sağ olsaydı da bu qədər vaxta ondan bir xəbər çıxardı. Tural həmin gün gəmidən heç yerə getməyib. Demək ki, batıb... Bunu çox böyük acı ilə, təəssüflə bildiririk. Bizim də indi istəyimiz odur ki, nəşi tapılıb verilsin", - deyə o qeyd edib.
A.Sultanovanın sözlərinə görə, hazırda hadisənin necə baş verməsi və onun nəşinin tapılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar gedir: "Turalın gəmidə olarkən kameraya düşmüş görüntüləri, zəngləri və s. hamısı hazırda prokurorluqdadır. Araşdırmalardan sonra məlumat açıqlanacaq".
Qeyd edək ki, peşəkar idmançı olmaqla yanaşı, Tural Sultanov həkim kimi "Leyla Medical Center"də də fəaliyyət göstərirdi. Sonuncu dəfə gəmidə olarkən klinika ilə danışıb. Həkimin itkin düşməsindən sonra xilasetmə əməliyyatlarına başlanılıb, 5 gəmi və helikopterlə axrarışlar həyata keçirilib. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib.
Hadisə sentyabrın 27-də baş verib. Tural Sultanov eyni zamanda "BUE CASPİAN LTD" şirkətinə məxsus "Caspian Protektor" gəmisində həkim kimi çalışıb. Onun hansı şəraitdə itkin düşməsi hələ də müəmmalıdır.
Milli.Az