Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümdə repertuar xəttini genişləndirərək müxtəlif janr və üslubları bir araya gətirən layihələr üzərində fəal şəkildə çalışır. Teatrın növbəti təqdimatı Azərbaycan kino musiqisi irsinə həsr olunan xüsusi proqram çərçivəsində hazırlanmışdır.
Bu layihə çərçivəsində görkəmli bəstəkar Xəyyam Mirzəzadənin "Bağ Mövsümü" filmi üçün yazdığı "Gəzinti" əsəri Rəşid Behbudov adına Estrada Simfonik Orkestrinin ifasında yenidən təqdim olunub və Mahnı Teatrı tərəfindən videoçarx formatında izləyicilərə təqdim edilib.
Video çarxın məqsədi Azərbaycan kino musiqilərini yenidən gündəmə gətirmək, onların səhnə həyatını gücləndirmək və bu irsi geniş auditoriyaya çatdırmaqdır. Teatr bu istiqamətdə silsilə layihələr üzərində işləyir və musiqi mədəniyyətinə yeni formatlarda töhfə verməyi hədəfləyir.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Azərbaycan bəstəkarlarının yaradıcılığını modern təqdimatlarla geniş auditoriyaya çatdırmağı qarşıya məqsəd qoyaraq yeni layihələr üzərində işləməyə davam edir.
Yaxın günlərdə Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri tərəfindən növbəti videoçarxlar tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, Mahnı Teatrı bir müddət öncə Zəfər Gününə həsr olunmuş "Qarabağ çalarları" adlı musiqili çarx təqdim etmişdir.
Milli.Az