"Black Friday"nin endirim sirlərindəki boşluq aşkara çıxdı - AÇIQLAMA

28 Noyabr 2025 12:30

Bu gün "Black Friday" olsa da, böyük endirimlərin yaratdığı alış-veriş həyəcanı bəzən istehlakçıları düşünülməmiş qərarlar verməyə vadar edə bilər. 

Milli.Az xəbər verir ki, mağazalar yüksək faizli endirimlərlə diqqət çəksə də, hər kampaniya real qənaət demək deyil və müştərilər aldanmamaq üçün daha diqqətli davranmalıdır.

Bəs aldanmamaq üçün nələrə diqqət etməliyik? 

Məsələ ilə bağlı aparıcı marketoloq Azad Heydərov açıqlama verərək bildirib ki, ilk növbədə alıcılar məhsulların əvvəlki qiymətlərini yoxlamalı, endirimdən əvvəl qiymətin süni şəkildə qaldırılıb-qaldırılmadığını araşdırmalıdır:

"Xüsusən də onlayn alış-verişdə şişirdilmiş endirim faizləri, saxta qiymət dəyişiklikləri və qeyri-şəffaf şərtlər daha çox rast gəlinir. Real ehtiyac siyahısı tərtib etmək, impuls alışlardan yayınmaq və müxtəlif mağazalarda qiymətləri müqayisə etmək aldanma riskini xeyli azaldır. Həmçinin, məhsulun keyfiyyəti, zəmanət şərtləri və geri qaytarma qaydaları diqqətlə oxunmalı, çox aşağı qiymət təklif edən tanınmamış saytlardan alış-verişdən qaçınılmalıdır. Kiberfırıldaqçılığın artdığı bu günlərdə təhlükəsiz ödəniş üsullarından istifadə etmək və yalnız etibarlı mənbələrə güvənmək mütləqdir".

Marketoloq qeyd edib ki, "Black Friday" zamanı alış-verişin ən yaxşı strategiyası endirimlərin gücünə deyil, məntiqli seçimlərə əsaslanmaqdır.

Aysel Əkbər
Milli.Az